Elektron əmtəə-nəqliyyat qaiməsi

Elektron əmtəə-nəqliyyat qaiməsi sənədi avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı rəsmiləşdirilən sənəddir. Bu sənəd yükgöndərənlə daşıyıcı arasında müqaviləni, daşıyıcı tərəfindən yükün daşınmaya qəbul olunmasını, yükalan tərəfindən yükün qəbul edilməsini təsdiq edir. Yükgöndərən, yükalan, daşıyıcı, daşınan yüklər, yüklərin yüklənmə və çatdırılma yerləri, yük daşınmasını həyata keçirən sürücü və avtonəqliyyat vasitəsi haqqında məlumatlar qeyd olunur. Yükgöndərən və ya yükdaşıma müqaviləsinə əsasən elektron əmtəə nəqliyyat qaiməsini tərtib etməli olan digər şəxs tərəfindən tərtib edilir.

Elektron əmtəə-nəqliyyat qaiməsinin tərtibi zamanı vergi ödəyicisi olan yükgöndərən və ya yükalan gücləndirilmiş elektron imza vasitəsilə informasiya sisteminə daxil olaraq, elektron əmtəə-nəqliyyat qaiməsini tərtib etməklə imzalayır təsdiq üçün qarşı tərəfin elektron kabinetinə göndərir. Vergi orqanında uçotda olmayan şəxsin yüklərinin daşınması zamanı tərtib edilmiş elektron əmtəə-nəqliyyat qaiməsi kağız daşıyıcıda çap edilərək vergi orqanında uçotda olmayan şəxs tərəfindən imzalanır.

Yükgöndərən, yükalan və daşıyıcı eyni şəxs olduqda sistemdə elektron əmtəə nəqliyyat qaiməsini tərtib edən şəxs hər üç tərəfin özü olmasını qeyd edir. Əgər elektron əmtəə-nəqliyyat qaiməsini tərtib edən şəxs daşımanın ikitərəfi, məsələn, yükgöndərən və yükalan yaxud yükalan və daşıyıcı qismində çıxış edirsə, onda bu iki tərəfin özü olması ilə bağlı qeyd etməklə elektron əmtəə-nəqliyyat qaiməsini tərtib edir.

Əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınması İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət yaradır və bu qaydaların pozulmasına görə 40 (qırx) manat məbləğində cərimə nəzərdə tutulub.

Elektron əmtəə-nəqliyyat qaiməsinin tərtib edilməsi zamanı yüklər haqqında məlumatların daxil edilməsi üçün Dövlət Vergi Xidmətinin elektron-qaimə fakturasının seriyası və nömrəsini daxil etməklə həmin elektron-qaimə fakturasında mövcud olan məlumatları sistemə çağırmaq mümkündür. Bu məqsədlə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sistemi ilə inteqrasiya qurulub.

Daşıma müqaviləsinə xitam verildikdə, daşıma baş tutmadıqda və ya digər səbəblərdən tərtib edilmiş elektron əmtəə-nəqliyyat qaiməsi ləğv edilməli olduğu halda, həmin qaiməni tərtib edən vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə informasiya sistemində yaradılmış "Elektron əmtəə-nəqliyyat qaiməsi" sistemində onu ləğv etməklə imzalamalı və təsdiq üçün qarşı tərəflərin bu səhifədə yaradılmış elektron kabinetinə göndərməlidir. Elektron əmtəə nəqliyyat qaiməsinin ləğv edilməsi onu qəbul edən şəxslər tərəfindən ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron əmtəə-nəqliyyat qaiməsinin ləğv olunması təsdiq edilmədikdə, elektron əmtəə-nəqliyyat qaiməsi proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

Yük avtonəqliyyatı üçün elektron yol vərəqi

Elektron yol vərəqi yük daşıyan avtonəqliyyat vasitəsinin fəaliyyətinin uçotunun həyata keçirilməsi üçün tərtib olunur. Elektron yol vərəqi daşıyıcı tərəfindən tərtib edilir. Elektron yol vərəqi ilə elektron əmtəə-nəqliyyat qaiməsi fərqli sənədlərdir və ayrı-ayrılıqda tərtib edilir.

Əgər yükalan əvvəlcədən məlum deyilsə əməliyyatın növü hissəsində "əvvəlcədən sifariş edilməyən, satışa çıxarılan malların daşınması" (bu növ qeyri-rəsmi olaraq "isti satış" kimi də tanınır) seçilir, elektron əmtəə-nəqliyyat qaiməsi sənədi yaradılır və yük təhvil verildiyi anda sürücü tərəfindən yükalan sistemə daxil edilir. Bu şəkildə bir sənədlə bir neçə yükalana yüklərin çatdırılması mümkündür.

Elektron yol vərəqəsi "Daşıyıcıya yüklə birlikdə verilmiş sənədlərin siyahısı" xanasında uyğunluq sertifikatı, mənşə sertifikatı, keyfiyyət sertifikatı, baytarlıq sertifikatı, və s. kimi digər müşayiətedici sənədlərin siyahısı qeyd oluna bilər.

Yükü qəbul edən şəxs vətəndaş olduğu təqdirdə həmin şəxs də sistemə daxil olub elektron əmtəə-nəqliyyat qaiməsində yükü aldığını təsdiqləməlidir.

Sistemdə əks olunan xəritədə dəqiq ünvanı tapmadıqda qeyd olunan ünvana ən yaxın ərazi seçilməlidir.

Buraxılış kartı və Buraxılış vəsiqəsi

Mülkiyyətinizdə olan, icarəyə götürdüyünüz avtomobillər vasitəsilə sürücüləriniz tərəfindən yükdaşınması olduğu təqdirdə, aşağıdakı məsələləri nəzərə almağınız vacibdir:

İlk olaraq sürücüyə şirkət tərəfindən verilmiş etibarnamə AYNA internet portal vasitəsilə qeydiyyata alınmalıdır. Şirkətin yükdaşıma fəaliyyətini həyata keçirməsi üçün buraxılış kartı və buraxılış vəsiqəsi olmalıdır. Buraxılış vəsiqəsi dedikdə, şirkətin yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazə başa düşülür. Buraxılış kartı isə buraxılış vəsiqəsi olan şirkətin mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu hər nəqliyyat vasitəsi üçün ayrı-ayrı verilən, icazənin əlavəsi olan kartdır. Ölkədaxilində yükdaşıma aparılması üçün hər iki sənəd lazımdır.

Qeyd olunan sənədlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən verilir və AYNA-nın internet portalından E-Daşıyıcılar xidmətinə daxil olmaqla almaq mümkündür. Ölkədaxili daşımalar üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınarkən heç bir rüsum ödənilmir. Hər birinin müddəti 7 ildir. İcazəni almış şəxs həmin icazəni çap edə və kağız daşıyıcıda istifadə edə bilər. Avtonəqliyyat vasitələrinin sayı artdıqda, yaxud avtonəqliyyat vasitəsi başqası ilə əvəz olunduqda, hüquqi şəxs və ya fərdi sahibkar yeni buraxılış kartının verilməsi haqqında müraciət etməlidir. Buraxılış kartı yoxlamaq - Buraxılış kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün icazəyə malik olduğunu təsdiq edir.

Yol vərəqəsi nədir?

Yol vərəqəsi - nəqliyyat vasitələrinin hərəkətini və yük daşımalarını sənədləşdirən rəsmi maliyyə sənədidir. Bu sənəd əsasən yük avtonəqliyyatı üçün istifadə olunur və nəqliyyat vasitəsinin qaçışına nəzarət, istifadə edilmiş yanacağın xərclərə silinməsi, sürücülərin əməyinin ödənilməsi və vergilərin hesablanması üçün əsas ilkin sənəd kimi xidmət edir.
Yol vərəqəsi (forma № YV-1 və ya YV-2) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş xüsusi blankdır və yalnız Maliyyə Nazirliyinin lisenziyasına malik mətbəələr tərəfindən çap edilə bilər.
Bu sənəd pərakəndə və topdan ticarət, ictimai iaşə və istehsal fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinin anbarlarından və ya təsərrüfat obyektlərindən müəssisənin hüdudlarından kənara malların daşınması zamanı istifadə olunur.
Yol vərəqi nəqliyyat vasitəsinin hərəkətini qeyd edir, yanacaq sərfiyyatını izləyir və sürücülərin əməyinin ödənilməsi üçün əsas yaradır. Bu, həmçinin vergi və digər maliyyə hesabatlarının düzgün aparılmasına kömək edir.
Yol vərəqəsinin düzgün və qanuni istifadəsi nəqliyyat və logistika sahəsində şəffaflıq və hesabatlılıq təmin edir, həmçinin dövlət nəzarət orqanlarının tələblərinə cavab verir.