20-ci NƏŞR, 07.07.2025

01.01.2024 tarixində Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində vergi ödəyicilərinin yeni hüquq və vəzifələri müəyyən edilmişdir. Məcəllənin 16.1.11-14-cü maddəsinə əsasən, vergi ödəyiciləri təsərrüfat əməliyyatları apararkən malları və xidmətləri təqdim edən kontragentlərindən təsdiqedici sənədlər əldə etməkdə məcburdur.

Həmçinin, Məcəllənin 15.1.15-4-cü maddəsinə uyğun olaraq, həmin vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış hüququ da verilmişdir.

Bu məqsədlə Dövlət Vergi Xidməti tərəfindən "Kontragentlərini araşdır" elektron xidməti (portalı) istifadəyə açıq elan olunub.

Sistemə giriş və istifadə qaydası:

Vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitəsilə şəxsi kabinetinə daxil olur;
Müvafiq xidmətə keçid etdikdən sonra kontragentin VÖEN-ini daxil edir;
Vergi orqanında olan məlumatlara baxış imkanının verilməsi üçün sorğu göndərir;
Məlumatların təsnifatı:

Açıq məlumatlar: Kommersiya və vergi sirri təşkil etməyən məlumatlar avtomatik olaraq izlənə bilər.

Məhdud məlumatlar: Kommersiya və vergi sirri təşkil edən məlumatlar üçün xüsusi sorğu proseduru tətbiq olunur.

Sorğu proseduru

Sorğu göndərilməsi: Vergi ödəyicisi Dövlət Vergi Xidmətinin informasiya sistemlərində kontragentinin müvafiq məlumatlarına baxış üçün sorğu göndərir.
Təsdiqləmə müddəti: Sorğu kontragentə göndərildikdən sonra 3 iş günü müddətində təsdiqlənməlidir.
Əks təqdirdə: 3 iş günü müddətində cavab verilməzsə, sistem tərəfindən sorğu avtomatik olaraq ləğv olunacaq.
Təkrar sorğu məhdudiyyəti: Eyni vergi ödəyicisinə əvvəl göndərilən sorğuya 3 iş günü müddətində münasibət bildirilmədən təkrar sorğu göndərilməsinə yol verilmir.
Kontragentin razılığı olmadan sorğu edən tələb etdiyi məlumatları əldə edə bilməz.

"Kontragentlərini araşdır" elektron portalının istifadəsinə dair videotəlimat: https://www.taxes.gov.az/az/post/4082